Bakı Olimpiya Stadionu

Bakı Olimpiya Stadionu

Bakı Olimpiya Stadionunun tikintisinə 2011-ci ilin noyabr ayında start verilib.

  • Kateqoriyalar: İdman
  • Yer: Heydər Əliyev
  • Tikildiyi il: 6 iyun 2011

Bakı şəhəri ərazisində, Böyükşor Gölünün yanında salınmış 69,780 tamaşaçı tutumlu Bakı Olimpiya Stadionunun tikintisinə prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ilin noyabr ayında start verilib. 6 mərtəbəli və 65,7 metr hündürlüyündə olan möhtəşəm tikili 2015-ci ilin martın 6-da istifadəyə hazır vəziyyətə gətirilib. 2015-ci ildə ölkədə keçirilən ilk Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilmiş, eyni tədbirin açılış və bağlanış mərasimlərinə, atletika idman növünə ev sahibliyi etmişdir.

Layihə SOCAR tərəfindən maliyyələşdirilib. Stadionun tikintisi və qurulması Dizayn&Tikinti sövdələşməsi əsasında TEKFEN şirkətinə həvalə edilmişdir. İnşaat və dizayn işləri UEFA, FİFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına əsasən, o cümlədən Azərbaycanın tikinti qaydalarına uyğun olaraq görülmüşdür.

Stadionun təmir və tikinti işlərində Sumqayıt Texnologiyalar Parkı yaxından iştirak etmişdir. Sifariş əsasında 2000 ton metal konstruksiya STP tərəfindən təchiz olunmuşdur. Həmçinin, ərazinin bütün kabel təminatını da STP-nin Kabel zavodu tərəfindən təmin olunub. İlk dəfə 220 kV-luq texnoparkın istehsalı olan ifrat yüksək gərginlikli kabellər bu layihədə geniş istifadə edilmişdir.