Qumlama və rənglənmə

Ümumi məlumat

STP-nin Antikorroziya örtükləri zavodunun təmizləmə və boya sexində sifarişçinin tələblərindən asılı olaraq tikinti-quraşdırma, maşınqayırma və digər sahələrdə istifadə olunan müxtəlif mürəkkəb dərəcəli metal konstruksiyalar və onların hissələrinin, təzyiqli və təzyiqsiz çənlərin antikorroziya və rənglənmə xidmətləri göstərilir. Sexdə hazırda iki sahə, qumlama (səthin hazırlanması) və rənglənmə fəaliyyətdədir.

Metal məhsullar oksigen ilə təmas etdikcə tədricən oksidləşir. Yağıntı və dəniz suyu ilə bəzi turşular bu oksidləşməni daha da sürətləndirir və pas əmələ gəlir. Nəticədə metalın müqaviməti qırılaraq çürüməyə səbəb olur. Dəmir və poladdan emal edilən hər bir məhsul çürüdükcə, bir müddətdən sonra yararsız hala düşür. Bunun qarşısını almaq üçün mütləq materialın oksigen ilə təmasa girməsinə mane olmaq lazımdır. Bunun üçün isə ən sərfəli yol onun boyanmasıdır.

Metaldan hazırlanmış bir məhsulu rəngləmədən əvvəl ilk edilməli olan ən mühüm iş boya tətbiq ediləcək səthin yağ, pas, beton və boya qalıntılarından təmizlənməsidir. Bunun üçün tətbiq ediləcək ən ideal səth təmizlənməsi metodu qumlamadır. Təmizləmə işlərinin aparılmasında istifadə olunan əsas materialin məhz qumun olmasına görə bu texnoloji proses qumlama adlanır. Qumlama metal səth­lə­rin rənglənməyə hazırlığın əsas mərhələsidir. Məhz bu təmizlənmənin effektiv nəticəsi key­­fiy­yətli rənglənmənin aparılmasına, boyanın səthə daha sərt yapışmasına imkan yaradır və məhsulun uzunömürlüyünü təmin edir. Rənglənmədən öncə bu proses edilməyibsə, metal konstruksiyanın istifadə ömrü uzun olmur. Yaxşı hazırlanmış səth tipik təbəqəli rəng sisteminə 10 ildən artıq istifadə imkanı verir. Lakin eyni sistem, üzərində kiçik də olsa çirklənmə izləri olan döşəməyə tətbiq edildiyi zaman istifadə ömrü 4-6 il və bəzən bundan da az ola bilir. Tərif olaraq qısaca yüksək təzyiqli hava vasitəsilə (müxtəlif ölçülü dənəciklərlə) qumun səthin üzərinə çırpılması nəticəsində müəyyən incə bir səthin aşınması ilə abraziv təmizləmə üsuludur.

Qumlama prosesində müxtəlif standartlara uyğun aparılır. STP-nin qumlama və rənglənmə sexində çirklər metal üzərində sifarişçinin istəyinə uyğun olaraq SA 2 və SA 2.5 standartına uyğun səthin üzərindən təmizlənir. Qumlama prosesi metal qırıntılarıyla (drob), quru qumla (grit), su ilə, alovla, aşındırma yolu ilə, buxarla, əl ilə və ya mexaniki cihazlar vasitəsilə həyata keçirilir. Proses zamanı yüksək ixtisaslı mütəxəssislər skafandr və xüsusi uniforma geyinirlər.

Metal səth qumlama ilə təmizləndikdən sonra çox vaxt itirmədən ilkin mərhələdə astar boyası tətbiq edilir. Çünki əks təqdirdə qısa zamanda metal səthdə oksidləşmə gedir və metal yenidən pas tuta bilər. Tətbiq ediləcək boya da, metalın istismar təyinatına uyğun seçilir. Yüksək istiliyin olduğu yerlərdə başqa, yüksək korroziyaya məruz qalan şəraitdə istifadə ediləcək olan metal üzərinə isə başqa boya tətbiq edilməlidir.

Dənizdə yüksək səviyyədə duzluluq olan yerlərdə istifadə olunacaq metallara isə tam başqa növ boyalar istifadə olunur. Boya tətbiqi təyinatına görə həm fırça, həm də airless boya makinaları ilə tətbiq edilir. STP-nin boya sexində ənənəvi və yeni texnologiyaların tətbiqi ilə materiallar rənglənir. Ölçüsündən asılı olmayaraq istənilən məhsulun rənglənməsi üçün lazım olan bütün avadanlıqlar və texnika mövcuddur.