Mexaniki Emal Zavodu
Tətbiq sahəsi
Sumqayıt Texnologiyalar Parkının (STP) tərkibində fəaliyyət göstərən Mexaniki emal zavodu ölkənin maşınqayırma və metal emalı sənayesinin dirçəldilməsi, daxili bazara meylin artırılması məqsədilə tikilmiş və istifadəyə verilmişdir.
Sumqayıt Texnologiyalar Parkının (STP) tərkibində fəaliyyət göstərən Mexaniki emal zavodu ölkənin maşınqayırma və metal emalı sənayesinin dirçəldilməsi, daxili bazara meylin artırılması məqsədilə tikilmiş və istifadəyə verilmişdir. Zavodun metal yarımfabriqatlarının hazırlanması, dəqiq mexaniki emal, mexaniki emal, press sexlərində və kran təsərrüfatı, termiki emal sahələrində ən müasir avadanlıqlar və mexanizmlər quraşdırılmışdır.
Dəqiq mexaniki emal sexi bütünlüklə “CNC” texnologiyaları əsasında mürəkkəb konstruksiyalı maşın-mexanizm detallarının hazırlanmasını məqsədi ilə yaradılmış regionda unikal bir müəssisədir. Ümumi ərazisi 13584 m² olan və “Mazak” şirkətinin 41 torna dəzgahının quraşdırıldığı sexdə yüksək dəqiqlik tələb edən metal məmulatları, misal üçün maşın mexanizmlərinin işlək detallarının dəqiq emalı, turbin avadanlıqların işlək hissələri istehsal olunur və bu məhsullarda xəta nisbəti mikronlarla ölçülür. Dəqiq mexaniki emal sexinin illik istehsal gücü sifariş olunan məhsulların ölçülərdən və materialdan asıllıdır.
Dəqiq mexaniki emal sexində aşağıdakı bölmələr mövcuddur:
- Layihə-konstruktor və texnoloji bölmə;
- Alət və tərtibat təminatı xidməti;
- Mexaniki emal: frezləmə, tornalama, xüsusi təyinatlı dişli çarxların emalı;
- Elektro-erozion emal bölməsi;
- Yığım sahəsi.
Xüsusi təyinatlı dişli çarxlarının emalı bölməsində Amerikanın “GLEASON” şirkətinin diş açma, pardaqlama, test və ölçmə dəzgahları quraşdırılıb. Avadanlığın növünə görə Ø1200mm; Ø800mm; Ø600mm; Ø400mm; Ø125/100mm (silindrik), həmçinin Ø1000; Ø600; Ø275 (konik) ölçülərdə olan xammallarda dişli çarxların emalı və pardaqlanma kimi əməliyyatları aparmaq imkanları var.
Pardaqlama və eroziyon bölmədə Yaponiyanın “MITSUBISHI” şirkətinin “Tel eroziyon” (maksimal ölçüsü 300x300x250 mm), “Deşmə eroziyon” (maksimal ölçüsü 400x250x240 mm) və “Dalma eroziyon” (maksimal ölçüsü 400x300x300 mm) kimi elektroeroziyon dəzgahları quraşdırılıb.
Avadanlıqların və detalların emalı üzrə frez sahəsində də əsasən Yaponiyanın “MAZAK” şirkətinin frez dəzgahları quraşdırılıb. Bu avadanlıqlarda həndəsi ölçüləri 3750x10000 mm, H=1750 mm, çəkisi 43 ton olan məmulatlar üzərində frez əməliyyatları aparmaq mümkündür.
Zavodun metal yarımfabrikatların hazırlanması sexində kəsmə, metal təbəqənin əymə və kəsmə sahələri fəaliyyət göstərir. Burada aşağıda göstərilən müxtəlif metal emalı işləri görmək xüsusi xarakteristikaya malik avadanlıqlar quraşdırılıb:
- Müasir “CNC” əymə dəzgahlarında xüsusi tərtibatlardan istifadə etmədən, uzunluğu 12 metrə, qalınlığı 20 mm-ə qədər olan polad vərəqələrin müxtəlif bucaqlar altında əyilməsi mümkündür;
- Müasir “CNC” bükmə dəzgahlarında polad vərəqələr olmaqla uzunluğu 6000 mm, qalınlığı 22 mm, diametri 5000 mm-ə qədər olan boruları, uzunluğu 3000 mm, qalınlığı 20 mm-ə qədər olan boru və konus hissələri, uzunluğu 4000 mm, qalınlığı 80 mm, diametri 800 mm–dən böyük olan boruları, uzunluğu 4000 mm, qalınlığı 100 mm, diametri 2000 mm-dən böyük olan boruları bükmək mümkündür;
- Neft və qaz sənayesində istifadə olunan, maksimum diametri 533 mm, uzunluğu 12000 mm olan boruların emalı üçün nəzərdə tutulan yarım avtomat (NC) boru kəsən və yiv açan torna dəzgahları;
- Sexdə dəqiq detalların həm torna, həm də frez işləri ilə eyni dəzgahda bir quraşdırma üsulu ilə hazırlanması üçün çox funksiyalı tam avtomat (CNC) torna frez dəzgahları;
- “Fanuc” idarə sistemli tam avtomat (CNC), şaquli, 3 oxlu emal mərkəzləri;
- Müxtəlif tipli mürəkkəb silindr və gövdə detalların emalı üçün nəzərdə tutulmuş tam avtomat (CNC) şaquli torna dəzgahı;
- “Fanuc” idarə sistemli tam avtomat (CNC) çox funksiyalı şaquli torna dəzgahı;
- NC tipli yarımavtomat dairəvi, üfüqi və daxili cilalayıcı dəzgah;
- Qalınlığı 10 ÷ 60 mm, eni 2500 mm olan polad vərəqələrin düzəldilməsi üçün rixtovka dəzgahı.
Mexaniki emal zavodunun tərkibində fəaliyyət göstərən press sexinin təməli 2010-cu il mayın 26-da qoyulmuş, 2011-ci ilin sebtyabr ayında istismara verilmişdir. Sexin iki istehsal sahəsi var: elektrik dayaqlarının hazırlanması və ştamplama.
Müəssisə müasir tələblərə uyğun yüksək texnologiyalı xəttlər və universal presləmə avadanlıqları ilə təchiz olunmuşdur. Press zavodunda müxtəlif markalı hidravlik press xətləri yüksək gərginlikli elektrik dayaqlarının hissələrini layihəyə uyğun olaraq dəqiqliklə emal edə bilir. Respublikamızda analoqu olmayan hidravlik pressinin köməyi ilə maşınqayırmaqayırma sahəsində avtomobillərin müxtəlif ölçülü şassilərini və detallarını emal etmək mümkündür.
Hazırda sexdə fəaliyyət göstərən istehsal sahələrində küncüklər emal edən dəzgah, kombinasiyalı hidravlik qayçılar, vintli kompressor, çənlərin dib hissəsini emal edən dəzgahlar, 50-1600 tonluq press dəzgahları, radial burğu dəzgahı, universal frez dəzgahı, bişirmə dəzgahı, 63 tonluq hidravlik press, hidravlik gilyotin qayçısı, bükmə və torna dəzgahlarından istifadə olunur.
Kran təsərrüfatı sahəsi kranların təmiri və istehsalını həyata keçirir. Burada birtirli, ikikörpülü, çatmalı kran növləri hazırlanır. Bu sahədə indiyə qədər 80-dən çox müxtəlif tipli (birtirli, ikitirli, çatmalı) kranlar istehsal edilib. İstehsal prosesi texniki və keyfiyyətə nəzarət idarəsinin tam nəzarəti altında həyata keçirilir və hər bir yük qaldırıcı kran test sınağından keçdikdən sonra sifarişçiyə təhvil verilir. Kran istehsalında istifadə olunan bütün metalkonstruksiya və avadanlıqlar sertifikatlı olmaqla yanaşı, beynəlxalq tələblərə tam cavab verir. İstehsal olunmuş kranların qiyməti texniki parametrlərə uyğun müəyyən edilir. İstehsal sahəsində aşağıdakı göstərilən texniki parametrlərə uyğun kranlar istehsal olunur:
- Yükqaldırma qabiliyyəti - 1T – 200T – a qədər;
- Aşırımları - 3 m – dən 36 m - ə qədər;
- İdarəetmə istemi – məsafədən, kabinadan və kabel idarəetmə;
- Kran arabacıqları – birqarmaqlı və ya ikiqarmaqlı.