STP beynəlxalq inşaat sərgisində ölkəmizi təmsil edir
STP beynəlxalq inşaat sərgisində ölkəmizi təmsil edir
"Sumqayıt Texnologiyalar Parkı" MMC sabah Gürcüstanın paytaxtında start götürəcək inşaat sektoruna həsr olunmuş 22-ci beynəlxalq inşaat və dizayn "Caucasus Build 2018" sərgisində iştirak edir.
Tiflis Ekspo Mərkəzində 26 apreldən başlayacaq sərgi dörd gün davam edəcək. Tədbirdə 150-dən artıq özəl və dövlət şirkətləri inşaat sektoru üçün istehsal etdiyi məhsulları nümayiş etdirəcək. Minlərlə ziyarətçinin qatılacağı gözlənilən "Caucasus Build 2018" sərgisində Sumqayıt Texnologiyalar Parkı “Made in Azerbaijan” brendi altında istehsal etdiyi inşaat materiallarını, o cümlədən müxtəlif çeşitli kabellər, kabel kanalları, plastik borular, fitinqlər, sendviç panellər, PVC, alüminium profillər, polikarbonat, armatur və sairə məhsullarının nümunələrini nümayiş etdirəcək. Həmçinin şirkət təmsilçisiləri sərgi zamanı ziyarətçiləri maraqlandıran sualları cavablandıracaq, onlara Azərbaycanın texnologiyalar nəhənginin istehsal prosesi, məhsulları haqqında geniş məlumat verəcək və müxtəlif təşviqat materialları paylayacaq.
Texnoparkın nümayəndə heyəti sərgi çərçivəsində inşaat sektorunda fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri ilə fikir mübadiləsi aparacaq. 22-ci Beynəlxalq İnşaat və dizayn "Caucasus Build 2018" sərgisində öz geniş çeşidli məhsul və xidmət portfelini nümayiş etdirərək, məhsullarının keyfiyyəti və münasib qiyməti ilə Gürcüstanda və digər xarici ölkələrdə davam edən və başlanılacaq hər bir layihədə əsas təchizatçı kimi çıxış edə biləcəyini təqdim edəcək.
Ölkəmizi beynəlxalq tədbirlərdə təmsil etməkdən qürur duyan “Sumqayıt Texnologiyalar Parkı” MMC, bu sərgidən də uğurlu nəticələr gözləyir. Qonşu ölkə mediasında geniş təbliğat kompaniyası aparan şirkət, hər bir kəsi STP-nin stendi ilə tanış olmağa dəvət edib.
Qeyd edək ki, 2009-cu il dekabr ayının 22-də istismara verilən Sumqayıt Texnologiyalar Parkı regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunur.