Sumqayıt Texnologiyalar Parkı daha bir uğura imza atıb
Sumqayıt Texnologiyalar Parkı daha bir uğura imza atıb
Regionun ən iri sənaye müəssisələrindən olan Sumqayıt Texnologiyalar Parkı (STP) MMC uğurları sırasına daha birini əlavə edib.
Mayın 29-dan davam edən 5-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisində STP-nin stendi təşkilatçılar tərəfindən “ən kreativ stend” olaraq mükafatlandırılıb.
2011-cü ildən davamlı olaraq sərgiyə qatılan Sumqayıt Texnologiyalar Parkı bu il də neft-qaz sektoruna yeni innovativ məhsul və xidmətlərini sərgiləyib.
Qeyd edək ki, sərgidə STP-nin stendi böyük maraq doğurub. Belə ki, müəssisənin nümayəndələri iştirakçılara neft və qaz sənayesində təqdim edilən məhsul və xidmətlər, əldə olunan uğurlar, qurumun ölkə daxilində və beynəlxalq layihələrdə rolu barədə ətraflı məlumat verib.
Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan bu beynəlxalq sərgi STP üçün etibarlı işgüzar əlaqələrin yaradılması, yeni əməkdaşlıq imkanlarının müzakirə edilməsi baxımından əlverişli olub.
38 ölkədən 312 neft-qaz şirkətinin iştirak etdiyi “Caspian Oil and Gas” sərgisi bu gün başa çatır.
Həmçinin onu da əlavə edək ki, “Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi mayın 30-da ilin ilk ixrac missiyasını Rusiyanın Həştərxan vilayətində təşkil edib.
İxrac missiyasında müsabiqə əsasında seçilmiş 30 yerli şirkətin nümayəndəsi iştirak edib. STP də beynəlxalq sərgidə ölkəmizi təmsil edən şirkətlərdən biri olub.
Sərgidə neft-qaz sektoru, telekommunikasiya, inşaat, enerji, kənd təsərrüfatı üçün istehsal olunan məhsullar barədə geniş məlumatlar verilib.
Təqdim edilən məhsullara orta və yüksək gərginlikli güc kabelləri, polimer məmulatlar, sendviç panel, PVC lövhələr və digər məhsullar daxildir.
Missiya çərçivəsində STP və Rusiya şirkətləri arasında ikitərəfli görüşlər təşkil edilib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.
Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib. STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.