Sumqayıt Texnologiyalar Parkı Tacikistana kabel ixrac edəcək
Sumqayıt Texnologiyalar Parkı Tacikistana kabel ixrac edəcək
“Sumqayıt Texnologiyalar Parkı” MMC ilə Tacikistanın “Tacikgidroelektromontaj” ASC arasında iri həcmli kabel satışı ilə bağlı müqavilə imzalanıb. İlkin razılaşmanın şərtlərinə əsasən texnoparkın tərkibinə daxil olan regionun ən iri və yüksək texnologiyaya malik Kabel zavodu cari ilin iyun ayına qədər sifarişçiyə Tacikistan Respublikasında həyata keçiriləcək “Ravşan yarımstansiyasının inşaası və yenidənqurulması” layihəsində istifadə üçün alçaq, orta və yüksək gərginlikli güc kabelləri ixrac edəcək.
İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Ravşan yarımstansiyasının inşaası və yenidənqurulması” layihəsində iştirak etmək üçün müəssisə ilə qarşı tərəf arasında danışıqlar ötən ildən başlayıb. Rusiya və Türkiyə şirkətləri ilə rəqabət aparan STP, məhsullarının keyfiyyəti, qiymətlərinin münasibliyi ilə onları geridə qoyub və sifarişçiylə iki illik tərəfaşlıq müqaviləsi imzalanıb. Yenidən qurulacaq yarımstansiya tam olaraq STP-nin Kabel zavodunun məhsulları ilə təmin ediləcək. Mart ayında sifarişin ilk partiyası qarşı tərəfə çatdırılacaq.
Qeyd edək ki, STP-nin Kabel zavodunda 28 000 çeşiddə 500 kV-a qədər orta, yüksək, və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur və müştərilərə təklif edilir. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.