Texniki Qazlar Zavodu
Tətbiq sahəsi
Texniki Qazlar Zavodu Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən iri istehsal müəssisələrindən biridir.
Texniki Qazlar Zavodu Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən iri istehsal müəssisələrindən biridir. Bu zavod 2011-ci ilin may ayından istifadəyə verilmişdir və hazırda burada 38 nəfər işçi fəaliyyət göstərir. Qısa vaxt ərzində fəaliyyətə başlamasına baxmayaraq, hazırda istehsal imkanlarını genişləndirməklə yanaşı, yüksək keyfiyyətli maye və qaz halında Oksigen, Azot, Arqon, Karbon və bərk quru buz (külçə və dənəvər formasında) istehsal edir. Zavodda yüksək ixtisas və təcrübəyə malik mütəxəssislərin çalışması və Avropa standartlarına cavab verən ən son texnologiyaların tətbiqi müəssisənin daxili və xarici bazara yüksək keyfiyyətli məhsullar təklif etməsinə imkan verir. Beləki, Almaniyanın “CRYOTEC”, “BUSE” və Avropanın digər şirkətlərinin avadanlıqları və tam avtomatlaşdırılmış ən son texnologiyanın tətbiqi indiyə qədər Azərbaycanda öz təmizlik dərəcəsinə görə analoqu olmayan maye və qaz məhsulları istehsal etməyə imkan yaradır.
İstehsal olunan texniki qazların keyfiyyətinə zavodda quraşdırılmış müasir online analizatorlar tərəfindən avtomatik nəzarət olunur. Həmçinin, məhsulun keyfiyyəti Keyfiyyətə Nəzarət İdarəsi tərəfindən daimi təhlil edilir.
Qurğu tam olaraq avtomatlaşdırılmış idarəetmə sisteminə (Siemens SİMATİC S7) malikdir. PLC (SİMATİC S7) idarəetmə sistemi olub saxlama və doldurma əməliyyatlarının avtomatlaşdırılmış icrasını təmin edir.
"STP” MMC-nin Texniki Qazlar zavodunda hal-hazırda maye və qaz halında oksigen (99.97% təmizlikdə, 500 kq/saat), azot (99.9995% təmizlikdə, 550 kq/saat), arqon, (99.9995 %təmizlikdə, 15 kq/saat), maye karbon (99.98% təmizlikdə, 150 kq/saat), quru və dənəvər buz istehsal edilir.
Texniki qazlar neft və qaz sənayesi, neft-kimya məhsulları, kimyəvi maddələr, enerji, polad tökmə istehsalı, tibb sahəsində, şüşə senayesində, elektronika sənayesində, laboratoriyalarda, yanğınsöndürmə sahəsində, metallurgiya sənayesində və ətraf mühitin mühafizəsi sahəsində tətbiq olunan qazlardır. Texniki Qazlar zavodunda istehsal olunan maye Karbon və bərk quru buz (külçə və dənəvər formasında) qida məhsullarında istifadə olunur və Respublika Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən gigiyenik sertifikata layiq görülmüşdür.
Texniki qazların silindirlərə doldurulması ən müasir tələblərə cavab verən manifold vakkumlama sistemi ilə təchiz edilmişdir. Belə ki, qaz silindirləri doldurulmadan əvvəl tam vakkumlanır ki, bu da silindirlərdəki məhsulun yüksək keyfiyyətinə təminat verir. Zavoda məxsus parkda kifayət sayda avropada istehsal olunmuş qaz silindirləri mövcuddur.
Bütün istehsal edilən məhsullar Azərbaycan Respublikası Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq sertifikatı almış və həmçinin 2014-cü ildən zavod “ISO 9001:2008 - 9001:2015” keyfiyyət üzrə, (ISO: 18001: 2007) sağlamlığın qorunması və əməyin təhlükəsizliyinin təmin edilməsi üzrə , 2016-cı ildə isə (ISO 14001 : 2015) ətraf mühitin qorunması üzrə beynəlxalq sertifikatlarını əldə etmişdir.
Texniki Qazlar zavodunda istehsal olunan məhsullar Respublikada “Baku Steel Company”, “Günəş”, ”Çinar” , “Real Gaz”, “Bakı Mis Zavodu”, ”Bakı-Praqa”, “Pepsi Cola”, “Samsung CO LTD”, “ Socar Polimer”, ” Socar Gübrə zavodu”, “Azərtexnolayn” kimi tanınmış şirkətlər tərəfindən istehlak edilir.
Zavodda həmçinin STP-nin daxili və xarici tələbatını ödəyəcək qarışıq qazlar da (arqon miks) istehsal olunur.
Texniki Qazlar zavodunda gələcəkdə qaz slindirlərinin təmiri, hidravlik sınağı və rənglənməsi sahəsinin yaradılması, Hidrogen qazı istehsalı qurğusunun alınması və quraşdırılıb işə buraxılması nəzərdə tutulmuşdur.