04 Avqust 2025

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasının sədri vəzifəsinə Mir Camal Paşayevin təyin edilməsi barədə qərar qəbul olunub. Eyni zamanda şirkətin Baş İcraçı Direktoru vəzifəsinə Ələkbər Abbaslının, Müşahidə Şurasına üzv vəzifəsinə isə Kamran Nəbizadənin təyin olunmasına dair qərar qəbul olunmuşdur.
STP Şirkətlər Qrupunun Müşahidə Şurasının yeni sədri Mir Camal Paşayev uzun illər ərzində PASHA Holding-a daxil olan strukturlarda rəhbər vəzifələrdə fəaliyyət göstərib, korporativ idarəetmə və strateji planlaşdırma sahəsində zəngin təcrübə qazanıb. Bu baxımdan, yeni sədrin rəhbərliyi STP Şirkətlər Qrupu-nun institusional gücünü daha da artıracaq və dayanıqlı inkişafına töhfə verəcək.
Ələkbər Abbaslı 2023-2024-cü illərdə STP-nin Müşahidə Şurasının üzvü olub. Yeni Baş İcraçı Direktor daha əvvəl SOCAR, Equinor, EY, PwC, PAŞA İnşaat və bir sıra digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Onun fəaliyyəti energetika və tikinti sahələrini əhatə edir və bu da öz növbəsində STP Şirkətlər Qrupunun növbəti inkişaf mərhələsinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.
Kamran Nəbizadə, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Karyerası ərzində SOCAR, LUKOIL və Azərbaycan Sənaye Korporasiyası kimi qurumlarda rəhbər vəzifələrdə çalışmış, 2015-2020-ci illərdə Milli Məclisin deputatı olaraq beynəlxalq parlament əməkdaşlığı və sənaye siyasətləri sahəsində fəal iştirak edib.
Yeni rəhbər heyətin iştirakı ilə STP Şirkətlər Qrupu əməliyyat səmərəliliyinin artırılması, texnoloji yenilənmə və davamlı inkişafı hədəfləyən transformasiya mərhələsinə start verib.
Bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini Nəriman Sərdarlı, Baş İcraçı Direktor vəzifəsini isə Hicran Valehov icra edirdi.